Kol qızılağacı
Kol qızılağacı (lat. Alnus alnobetula subsp. fruticosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin yaşıl qızılağac növünə aid bitki yarımnövü.
Çində, Yaponiyada, Rusiyada, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə geniş yayılmışdır. Azərbaycanda isə Lənkəran, Masallı, Zaqatala rayonlarında rast gəlinir.
Hündürlüyü 1–3 m olan koldur. Qabığı tünd-boz,zoğları qırmızı-qonur,sarımtıl pulcuqlarla örtülmüşdür; yarpaqların uzunluğu 10 sm-dək, yumurtavari; dişli, üstü parlaq, tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıq, ətirli və yapışqanlıdır. Digər növlərdən fərqli olaraq yarpaqları açıldıqda, eyni vaxtda çiçəkləyir. Erkək çiçəkləri üç, bəzən bir ədəd qalxanvari genəlmiş,sırğanın oxunda spiralvari çiçək saplaqlarında oturur; çiçəkyanlığı sadə, əsasən dördyarpaqlı və ya dörd yerə bölünmüşdür; 4 erkəkciyi qısa saplı, iri, ikiyuvalı tozcuqludur. Dişi çiçəkləri ətli pulcuqların qoltuqlarında oturur, onların meyvələri yetişdiyi vaxt oduncaqlaşır.